featured-image-66022

Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi Azərbaycanla yoldaşlıq oyunundan öncə “Live Bona Dea Arena”da mətbuat konfransı keçirib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis sabahkı matçda taktiki dəyişikliklər edəcəyini bildirib:

“Bilirik ki, Azərbaycan millisi bizimlə oyunda qələbə qazanmaq istəyir. Azərbaycan komandasının son 5 oyunda 2, bizim isə 1 heç-heçəmiz var. Aydın məsələdir ki, onlar üzərilərinə düşəni etməyə çalışacaqlar”.

Rossi komandalarında zədəli futbolçu olmadığını qeyd edib. O, millimizlə görüşdə qapıçı seçimini etdiyini vurğulayıb: “UEFA Millətlər Liqasında hər matç fərqli qapıçılarla oynayırdıq. Sabah əsas heyətdə Tot Balaş olacaq. Onu meydanda görmək istəyirik”.

Marko Rossi Azərbaycanla oyunda taktiki dəyişikliklər edəcəyini vurğulayıb: “Əsas heyətdə də dəyişiklik olacaq. Bunların hamısını öncədən planlaşdırmışdıq. Bu, İsveçə uduzmuşuq deyə olmayacaq. Keçən oyuna görə bəraət axtarmıram. Nəticə bizim əlehimizə olsa da, statistika biz tərəfdə idi. DÇ-2026-nın seçmə mərhələsinin 3 oyununda 0 xal toplamışıq. Nələri dəyişməli olduğumuza baxmalıyıq”.

60 yaşlı mütəxəssis 6 il öncə Azərbaycan yığması ilə indikini arasında çoxlu dəyişikliyin olduğunu deyib: “Komandanız demək olar ki, yeni futbllçulardan qurulub. Əgər yaxşı xatırlayıramsa, buradakı oyun çətin olmamışdı. Amma Macarıstanda çətinlik çəkdik. Orada oyundan kənar vəziyyətlə bağlı müəmma da var idi. Biz top komanda deyilik. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Sabah bizi çətin və önəmli matç gözləyir”.

Baş məşqçi topa sahib olmaq istədiklərini bildirib: “Bizimlə DÇ-2026-nın seçmə mərhələsində eyni qrupda olan komandalara yaxınsınız. Topa daha çox sahib olmaq istəyirik. Bu, oyunun hakimi biz olacağıq anlamını verməsin. Amma bundan öncəki Türkiyə və İsveçlə görüşlərdə topa daha çox sahib olsaq da istədiyimiz nəticəni əldə etmədik. Təəssüf ki, son 3 oyunda qol vura bilməmişik. Amma çoxlu qol epizodlarımız var idi”.

 

Bənzər xəbərlər