featured-image-2836

İspaniyanın “Real” (Madrid) klubunun braziliyalı hücumçusu Rodriqo Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Msport.az xəbər verir ki, o, buna İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabıyla məğlub etdikləri yarımfinalın cavab oyununda nail olub.

Belə ki, gənc hücumçu ÇL tarixində 90-cı dəqiqədə və daha sonra qol vuran 4-cü oyunçu olub. Braziliyalı ilk futbolçudur ki, bunu pley-offda reallaşdırıb. Əvvəllər qrup mərhələlərində 3 dəfə belə hal yaşanıb: Nilmar (2004 – Lion “Olimpik”ində, “Fənərbaxça”ya qarşı 4:2), Qaret Beyl (2010 – “Tottenhem”də, “İnter”ə qarşı 3:4), Emil Forsberq (2019 – “Leypsiq”də, “Benfika”ya qarşı 2:2).

Rodriqo braziliyalıların ÇL tarixində vurduğu 1000-ci qolun müəllifi olub. O, buna ikinci qolu ilə nail olub. Braziliya bu həddə çatan ilk ölkədir. Sonrakı yerdə 802 qolla Fransa qərarlaşır.

Rodriqo ÇL-in pley-offlarında ən sürətli 3-cü dublun müəllifidir. İki qol arasında 1 dəqiqə 29 saniyə olub. O, Robert Levandovski (2022 – “Bayern”də, “Zalsburq”a qarşı 1 dəqiqə 21 saniyə) və Kristiano Ronaldodan (2016 – “Real”da, “Volfsburq”a qarşı 1 dəqiqə 27 saniyə) geri qalır.

“Real” finalda “Liverpul”la (İngiltərə) üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək.

Bənzər xəbərlər