"Bu, ayıbdır" - "Barselona"nın prezidenti
“Barselona”nın prezidenti Joan Laporta Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la evdə keçirdikləri cavab oyununa (2:3) rəqib komandanın 30 minə yaxın azarkeşinin gəlməsindən danışıb.
Msport.az AS-a istinadən xəbər verir ki, o, bu hadisəni utancverici hal adlandırıb:
Bu, ayıbdır və gələcəkdə təkrarlanmasının qarşısı alınmalıdır! Çünki belə hal hədsiz və utancvericidir. Biz bundan sonra bu məsələyə çox daha ciddi yanaşmalıyıq. Bir “Barselona”lı olaraq gördüklərimdən utanıram. Təəssüf edirəm ki, bu qədər azarkeşin gəlişinə icazə verdik. Biz hərəkətə keçəcəyik və bu, bir daha baş verməyəcək”.
Qeyd edək ki, görüşdə “Barselona” fanatları “Ayntraxt” azarkeşlərinin çoxluğuna etiraz əlaməti olaraq oyunun fasiləsində yerlərini tərk edərək ikinci hissənin başlamasından cəmi 10-20 dəqiqə sonra geri qayıdıblar.
Xatırladaq ki, “Barselona” “Ayntraxt”la ilk görüşdə 1:1 hesablı heç-heçə etsə də, cavab matçında 2:3 hesabı ilə uduzaraq Avropa Liqasında mübarizəni dayandırıb.