featured-image-39708

“Əgər qrupdan çıxa bilmiriksə, hər iki oyunda qalib gəlsək belə, heç bir əhəmiyyəti yoxdur”.

Bu sözləri Msport.az açıqlamasında Azərbaycanın veteran futbolçusu Ceyhun Sultanov milli komandanın AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveçə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
O, bildirib ki, yığma yaxşı futbol oynayıb qələbə qazansa belə, bu, heç nəyi dəyişməyəcək: “Amma yığmamızın qalib gəlməsini istəyirəm. Evdə oynayırıqsa, hər komandadan xal ala, hətta onları məğlub da edə bilərik”.

Sultanovun fikrincə, bu gün biz ilk növbədə qrupdan çıxmağı düşünmək lazımdır: “Mənə görə, 3-cü yerlə 5-ci arasında heç bir fərq yoxdur. Reytinqə fikir verməkdənsə, əsas hədəf qrupdan çıxmaq olmalıdır. Onsuz da nə qədər çalışsaq da, 100-cü yerdən yuxarı qalxa bilmirik. Görün, hansı vəziyyətdəyik. İnkişaf istəyiriksə, qrupdan çıxmağı hədəfləməliyik. Bu gün hansısa yığmadan xal almağı düşünürüksə, bu, bizi uçuruma aparacaq”.

Veteran yarımmüdafiəçinin sözlərinə görə, b ay AFFA ilə müqaviləsi başa çatacaq Canni De Byazi milli komandadan göndərilməlidir: “Bugünkü potensialla yerli mütəxəssisə müraciət etməliyik. O, hazırkı oyunçularla daha yaxşı nəticə verə bilər”.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər