“Bu, futbolçuları sındırmaqdır” – Azər Bağırov
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Kəpəz” (2:0) matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Dünəndən gəldik, getdik. Oyunun vaxtını təyin etdilər, sonra dəyişdirdilər. Bu gün də elə. İdman camiəsində çalışanlar bilir ki, bu, futbolçulara necə təsir edir. 12:30-da oyunçular çörək yeyir. 15:30-dan buradayıq. 19:00-da da matç başladı. Yəni, oyunun keçirilməsiylə bağlı böyük problemlər yaşadıq. Oyuna gəlincə, çox söz deməyə ehtiyac yoxdur. Özünüz gördünüz. Rəqibi təbrik edir və uğurlar arzulayıram.
– Sizcə, şərtlər hər iki tərəf üçün eyni deyildi?
– Xeyr, eyni deyil. Hətta artıq biz bura çatanda xəbər etdilər ki, matç saat 18:00-a keçirilib. Biz də geri dönüb və yenidən bura qayıtmışıq. Halbuki biz artıq Zirəyə çatmışdıq. Futbolçular 2-3 saat gəziblər, kofe içiblər. Biz səfər komandasıyıq və məşq etməyə meydança tapa bilmədik. Hər yer qar olduğuna görə komanda dünən məşq etməyib. Bu gün isə palçıqlı meydançaya çıxdı. Hər halda bu, insan faktorunu istismar etməkdir. Futbolçu 2 gündür məşq etmir, palçıqda çətin oyuna çıxır və nəzərə də alınmır ki, bu, 12:30-da yemək yeyib, saat 19:00-da isə oyuna çıxır. Bunların hamısı düşünülməli idi. “Zirə” burada bərpasını keçəcək. Amma biz yenidən geri dönüb, 3-4 gün sonra isə yenidən buraya gəlməliyik. Faktiki olaraq bu, futbolçuları istifadə eləməkdir. Pis mənada futbolçuları sındırmaqdır. Bizim “Zirə” kimi geniş heyətimiz yoxdur. Şükürlər olsun ki, bu gün yalnız Mahamadu Ba zədələndi. Çox şey danışmaq olar, amma bir az incə məqamlar var. Futbolçu da insandır. Oyun keçirəcək deyə bunu sındırmalı, travma verməli deyilsən. İndi zədəlilərimiz var. 2 gün məşq etmə, çıx oyuna necə olacaq?! Belə…