featured-image-62201

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Zirə” – “Araz-Naxçıvan” (0:2) oyunundan sonra qəsəbə klubunun baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bəlkə də bu mövsüm  ən yaxşı oyunlarımızdan biri oldu. Əllərindən gələni etdilər ki, növbəti mərhələyə adlayaq. Amma oyun elə cərəyan etdi ki, hər iki görüşdə rəqib ümumi 3 penaltidən fərqlənib, mərhələni keçdi. Rəqibi təbrik edirəm.  Biz oyunumuzdakı məqamlara diqqət yetirib qarşıdakı görüşlərə daha yaxşı formada çıxmalıyıq.  Artıq rəqiblər də səni təhlil edir və daha böyük motivasiyayla oynayırlar. Çox sıx qrafikdə çıxış edirik. Demək olar ki, bütün  oyunçularımız əzmkar mübarizə apardı. İkinci hissədə çox yaxşı təzyiq göstərdik. Yaratdığımız qol fürsətlərinin bir-ikisindən istifadə etsəydik, bəlkə də mərhələ adlayan biz olacaqdıq. Bu gün uğur rəqib tərəfdə idi.

– Penalti epizodlarını necə şərh edərdiz?
– Birinci epizod penalti idi. Düzdü, baxmamışam, amma oyun dinamikasında da buna oxşadı. Amma ikinci epizoddan bizim çempionatda yüzünü göstərəm ki, penalti verilməyib. Bu gün istər VAR-da olan hakim, istərsə də meydanda olan referi bu tip epizodlarda penalti veriblər də, verməyiblər də. Əminəm ki, bu gün bizə qarşı belə epizod olsaydı, soyuqqanlı şəkildə şərh edəcəkdilər. Belə şeylərə öyrəşmişik. Neçə illərdir ki, başımıza gəlir. Nədənsə hakimlər 50/50-yə epizodlarda çox vaxt əlehimizə qərar verirlər. Digər məqamlardan biri də ilk hissədə çoxsaylı pauzalar oldu. Buna rəğmən, cəmi 3 dəqiqə əlavə olunması da təəccüblüdür. Ən azından 8-10 dəqiqə vaxt itkisi oldu. Ümumən hakimliyin üzərində çox dayanmaq istəmirəm. Sadəcə mövzu açıldı. Həqiqətən də futbolçularım bu gün çox çalışdılar. Sürətli, dinamikalı və kombinasiyalı oyun nümayiş etdirdilər.

Bənzər xəbərlər