featured-image-37965

“Bilirdik ki, bizim ağır oyun gözləyir. “Səbail” yaxşı təşkilatlanmış komandadır”.

Msport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda “Səbail”lə oyundan sonra deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “Oyun ərzində üstünlüyə sahib idik. Xeyli qol epizodlarımız oldu. Əfsuslar olsun ki, son nöqtəni qoya bilmədik. Ağır məğlubiyyətdir”.

Baxşıyev komandasının qələbəyə layiq olduğunu vurğulayıb: “Bu gün uduzmamalı idik. Futbolun yazılmamış qanunu var. Bu qədər şansı qaçırırsan, qol buraxmalısan. Oyunun keyfiyyətinə görə böyükhesablı qələbə gözləmək olardı. Hücum edən tərəf biz olsaq da, təəssüf ki, alınmadı”.

O, yaxaladıqları qol epizodlarını boşa vermələrini futbolçuların ustalıq səviyyəsi ilə bağlamayıb: “Yaxaladığın epizodlarda soyuqqanlı olmalısan. Amma ola bilmirik. Son oyunlarda məhz bu səbəbdən xeyli şansı boşa vermişik. Məşqlərdə bunun üzərində işləyirik. İnanıram ki, tezliklə bu problem də yoluna qoyulacaq”.

E.Baxşıyev matçın gedişində zədələnərək meydanı vaxtından əvvəl tərk edən Zurab Oçiqavanın durumunun qeyri-müəyyən olduğunun söyləyib: “Oçiqavanın əzələsi dartıldı. İndidən dəqiq bir söz demək olmur. Yalnız müayinədən sonra fikir bildirmək olar”.

Bənzər xəbərlər