featured-image-63421

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” (1:0) və “Neftçi” – “Sabah” (1:2) görüşlərindəki mübahisəli epizodları şərh edib.

Msport.az xəbər verir ki, o, əvvəlcə “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasına toxunub.

Belçikalı 24-cü dəqiqədə qonaqların qapısına təyin edilən penalti qərarını doğru sayıb: “Araz-Naxçıvan”ın yerinə yetirdiyi künc zərbəsi zamanı top yaxın dirəyə tərəf ötürülür. Bu komandanın 17 nömrəli futbolçusu (İssuf Paro) sağ ayağı ilə topla oynayır. Onun arxasında olan “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) topa toxunmadan “Araz-Naxçıvan”ın üzvünün sağ ayağına zərbə vurur. Baş hakim oyunu davam etdirir. VAR müdaxilə edərək, baş hakimi epizodu izləməyə dəvət edir. Təkrar görüntülərə baxdıqdan sonra hakim “Araz-Naxçıvan”ın lehinə penalti təyin edir. Hakimin penalti qərarı doğrudur”.

Hakimlər Komitəsinin sədri “Neftçi” – “Sabah” matçında isə 2 epizodu dəyərləndirib. Onun fikrincə, 19-cu dəqiqə “Neftçi”nin qazandığı penalti qərarı doğru olub: “Sabah”ın 17 nömrəli futbolçusu (Tellur Mütəllimov) cərimə meydanında “Neftçi”nin 91 nömrəli oyunçusunun (Ağadadaş Salyanski) ayağına arxadan zərbə endirdi. Hakimin penalti qərarını dəstəkləyirik”.

De Bleker 90+1-ci dəqiqədə isə “Sabah”ın təmiz penaltisinin verilmədiyini etiraf edib: “Sabah”ın hücumu zamanı top bu komandanın 20 nömrəli futbolçusuna (Coy Lens Mikels) çatır. O, cərimə meydanı daxilində qapı xəttinə doğru hərəkət edir və topa zərbə vurur. Hücumçu topu vurduqdan sonra “Neftçi”nin 44 nömrəli oyunçusu (Yuri Matias) gecikərək onun ayağına təmas edir. Hakim oyunu davam etdirir və “Sabah”ın xeyrinə künc zərbəsi təyin edir. Hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyununu Elçin Məsiyev, “Neftçi” – “Sabah” görüşünü isə Əliyar Ağayev idarə edib.

Bənzər xəbərlər