Derbiyə doğru: "Favorit "Qarabağ"dır, amma "Neftçi"dən sürpriz gözləmək olar"
“Derbidə favorit “Qarabağ”dır”.
Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Premyer Liqanın XVII turunda “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək oyunu şərh edərkən deyib.
Veteran müdafiəçi bildirib ki, bu matçda “Neftçi” üçün yeganə üstünlük ağdamlıların bir neçə gün əvvəl oyun keçirməsi və Qurban Qurbanovun heyətdəki gözlənilən rotasiyası ola bilər: “Heyət baxımından
“Qarabağ” güclü olsa da, “Neftçi”dən sürpriz gözləmək olar. Mən “Neftçi”nin son 3 oyununu stadiondan izləmişəm. Ona görə də flaqmanın hansı vəziyyətdə olduğu haqqında müəyyən məlumatım var”.
R. Abışovun fikrincə, “Neftçi” bu matçda məğlub olsa belə, bu heç nəyi dəyişməyəcək: “Əsas odur ki, komanda öz oyununu nəhayət ki tapa bilsin. “Neftçi” adına layiqli oyun göstərmək bəzən məğlubiyyəti də arxa plana ata bilər. Bu mövsüm üçün çempionluqdan danışmaq real deyil. Məncə, əvvəlki “Neftçi” qayıtsa, yəni 90 dəqiqə hücum edən, istənilən rəqibə qarşı dominant futbol oynayan, bir sözlə azarkeşləri həyəcanlandıran futbol oynasa, bu mövsüm üçün çempionluğa bərabər hadisə kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.







