“Əl-Nəsr”ə transferə qadağa qoyulub
Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ciddi maliyyə böhranı yaşayır.
Msport.az xəbər verir ki, klubun borcu 200 milyon ABŞ dollarını ötüb.
Maliyyə problemləri səbəbindən rəhbərliyə yeni futbolçu və məşqçi transfer etmək qadağan olunub. “Əl-Nəsr” yalnız öz gəlirləri və sponsorluq vəsaitləri hesabına maliyyə sabitliyini bərpa etdikdən sonra yeni transferlərə icazə veriləcək.
Kluba sahib olan Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) vəziyyəti düzəltmək üçün bir sıra addımlar atıb. Belə ki, rəhbər şəxslərin maliyyə səlahiyyətlərinin bir hissəsi məhdudlaşdırılıb və müstəqil məsləhətçilər cəlb edilib.
Böhrandan çıxış yollarından biri kimi klubun müəyyən payının satılması nəzərdən keçirilir. Hazırda “Əl-Nəsr”in səhmlərinin bir hissəsinin alınması ilə bağlı iki ciddi təklifin olduğu bildirilir. Bununla belə, klubun sahibləri bütün paylarını satmaq niyyətində deyil və yalnız müəyyən hissənin satışına üstünlük verirlər.







