Emin Mahmudov Emeridən danışdı: "O, bütün cərimələri bağışlayırdı"
“Düşünürəm ki, Emeri “Spartak”da uğursuz oldu. Çünki o, Avropa formatlı məşqçidir”.
Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov sport24.ru-ya açıqlamasında deyib.
Millimizin üzvü vaxtilə “Spartak”da rəhbərliyi altında çıxış etdiyi Unay Emeri haqda danışıb. O, ispaniyalı mütəxəssisin Moskvada uğursuz olmasının səbəbini belə izah edib:
“Əvvəla o, superhücum futbolu gətirmək istəyirdi. Bu isə Rusiya Premyer Liqasına uyğun gəlmir. Rusiyada demək olar ki, hamı dərin müdafiədən, əks-hücumlarla oynayır. İkincisi, o komandanı yenidən qurmaq istəyirdisə, nə vaxtsa daha sərt davranmalı idi. Bütün avropalılar ilk növbədə futbolçunun peşəkarlığına güvənirlər. Postsovet məkanında isə bu metod işləmir. Daim nəzarət eləməli, arxayınlaşmağa imkan verməməlisən. Emeri, demək olar ki, bütün cərimələri bağışlayırdı – gecikməyə, artıq çəkiyə görə. Futbolçu maddi baxımdan ziyan görəndə bunu daha çox yadda saxlayır”.
Qeyd edək ki, Emin Mahmudov 2011-2014-cü illərdə “Spartak”da çıxış edib. Emeri isə 2012-ci ilin iyulunda noyabrına qədər Moskva klubunun baş məşqçisi olub. Onun hazırda çalışdırdığı “Vilyarreal” isə Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.