"Ən çox bəyəndiyim məşqçi Qvardioladır" - Kurslara başlayan bloger
“Futbola uşaq vaxtından güclü marağım olub. Oynamaq imkanım olmasa da, daha sonra idman jurnalisti kimi çalışmışam. İndi də idman blogeri olaraq fəaliyyət göstərirəm”.
Bu sözləri Msport.az saytına açıqlamasında AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına qatılan idman blogeri Elmar Rza deyib.
O, kurslarda iştirak etməsinin səbəbini belə izah edib: “Belə desək, oyunu daha yaxşı anlamaq, meydanda baş verənlərin texniki və taktiki detallarını daha dərindən öyrənmək üçün məşqçilik kursuna qatıldım”.
Təəssüratlarını bölüşən bloger ilk gündə az yaşlılardan ibarət komandalarda məşq prosesinin necə təşkil olunması, məşqlərə nəyə üstünlük verilməsi, ümumilikdə uşaq futbolunun özəllikləri və prioritetləri barədə təlimlər keçirilirdiyini söyləyib: “Həmçinin mövzular üzrə qrup işləri yerinə yetirildi”.
Elmar Rzanın sözlərinə görə, yaxın gələcəkdə əsas məqsədi maksimum dərəcədə futbol barədə biliklərini artırmaqdır: “Məndən məşqçi olar-olmaz onu zaman göstərəcək (gülür). Lakin dünya səviyyəli məşqçilər arasında ən çox bəyəndiyim Pep Qvardioladır”.







