featured-image-39602

“Səfər çox gözəl təşkil olunmuşdu. Buna görə AFFA-ya təşəkkür edirəm”.

Bu sözləri Msport.az saytına açıqlamasında bu yaxınlarda “Fənərbağça”nın akademiyasında olan “Sabah” klubunun U-19 komandasının məşqçisi Saşa Yunisoğlu deyib.

Gənc mütəxəssis Türkiyə klubunda yaxşı qarşılandıqlarını bildirib: “Akademiyanın direktoru Sedat Karabük, koordinatorlar Mehmet Hacıoğlu, Cem Karaca, akademiyanın psixoloqu, həmçinin bütün yaş kateqoriyasının məşqçiləri ilə görüşlərimiz oldu. Bir neçə gün ərzində akademiyanın infrastrukturu, iş metodikası və prinsipləri ilə tanış olduq. Uşaqların qaldıqları məkana getdik, onların yediyi yeməklərin dadına baxdıq. Məşqlərdə və komandaların iclaslarında iştirak etdik. “Fənərbaxça” futbol akademiyasında hər şeyin yüksək səviyyədə olduğunu gördük. Biz də onlara uşaq futbolumuz haqqında ətraflı məlumat verməyə çalışdıq. Klublarımızın atributlarını da akademiyanın rəhbərliyinə hədiyyə etdik”.

Türkiyə millisi və “Fənərbağça”nın sabiq hücumçusu Semih Şentürklə də görüşən veteran futbolçu onunla keçmiş günləri xatırladıqlarını söyləyib: “Ən maraqlı görüşlərdən biri “Fənərbağça”nın U-19 komandasının baş məşqçisi Semih Şentürklə oldu. Çünki 2010-cu ildə Bakıda Türkiyəni 1:0 hesabı udduğumuz oyunu xatırladıq. Həmin matçda ona çox yaxın oynayırdım. Məni dərhal xatırladı, dedi ki, sən 3 nömrəli formada oynayırdın. Maraqlı söhbətlər etdik. Onunla yanaşı, mənə U-17 komandasının baş məşqçisi Güven Varol da tanış idi. Onunla da xeyli söhbət etdik. “Denizlispor”da oynadığım vaxt Varol “Mersin İdman Yurdu”un formasını geyinirdi. Bir-birimizə qarşı keçirdiyimiz görüşləri xatırladıq”.

O, səfərin çox maraqlı və faydalı alındığını vurğulayıb: “Bizə ayrılan diqqətə görə “Fənərbağça” futbol akademiyasında çalışan hər kəsə təşəkkür edirəm. Bundan sonra klublarımız arasında ən azından akademiyalar səviyyəsində yaxın əməkdaşlıq olacaq”.

Bənzər xəbərlər