featured-image-63094

Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Azərbaycan – Belarus oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş fikirlərini səsləndirib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Haiti ilə oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacağını söyləyib.

O, komandadan daha dinamik mübarizə istəyindədir: “Bəzi futbolçulara istirahət verəcəyik. Qısa müddətdə ardıcıl iki oyun keçirmək asan deyil. Ramazan ayıdır, futbolçuların çoxu oruc tutur. Hörmətlə yanaşırıq və buna uyğun dəyişikliklər edəcəyik. Aqressiv, istəkli, əzmkar oynamalıyıq. Müdafiədə daha inamlı olmaq lazımdır. Çünki Haiti ilə görüşdə sadə qollar buraxdıq. Sabah qol vurmağımız da çox vacibdir. Topa sahib olan tərəf olmağa çalışacağıq. Bununla yanaşı, ələ düşən şansları qola çevirmək önəmlidir. Hücumda daha iti oynamaq istəyirik. Futbolda belə hallar olur. Qol epizodları yaratsan da, dəyərləndirə bilmirsən. Amma gec-tez bunun bəhrəsini görürsən. Kollektiv şəkildə oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Ümid edirəm ki, ilk qalibiyyətimizi sabah qazanacağıq”.

Qeyd edək ki, martın 25-də “Bank Respublika Arena”da keçiriləcək Azərbaycan – Belarus matçı saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər