FIFA: Mundialda danışılmış oyun olmayıb
FIFA-nın yarışların dürüstlüyünün qorunması üzrə İşçi Qrupu 2026-cı il dünya çempionatında danışılmış oyun və ya şübhəli mərc fəaliyyəti ilə bağlı heç bir əlamət aşkar etməyib.
Msport.az xəbər verir ki, turnir ərzində mütəxəssislər bütün 104 oyunun gedişini və bukmeker bazarlarını real vaxt rejimində izləyiblər.
Aparılan təhlillər nəticələrin manipulyasiya olunduğunu göstərən heç bir fakta rast gəlməyib.
Monitorinq çərçivəsində FIFA mərc dövriyyəsi ilə bağlı hesabatları, İşçi Qrupunun üzvlərindən daxil olan məlumatları və mümkün pozuntular barədə bildirişləri toplayaraq təhlil edib. Əldə olunan məlumatlar yarışların şəffaflığına nəzarət edən qurumlara ötürülüb.
İşçi Qrupunda futbol konfederasiyalarının və ABŞ, Kanada, Meksika futbol federasiyalarının nümayəndələri ilə yanaşı, FTB, İnterpol, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Avropa Şurası, “Sportradar” təşkilatı, Beynəlxalq Mərc Dürüstlüyü Assosiasiyası və digər təşkilatlar təmsil olunublar. FIFA bu qurumlarla əməkdaşlığı gələcək turnirlərdə, o cümlədən 2027-ci il qadınlar arasında dünya çempionatında da davam etdirməyi planlaşdırır.







