Haaland necə qidalanır, nələr yeyir? - "Siti"nin hücumçusunun qida rasionu
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland nə ilə qidalandığını, hansı yeməkləri sevdiyini açıqlayıb.
Msport.az xəbər verir ki, norveçli futbolçu “Haaland: The Big Decision” sənədli filmində bu məsələlər barədə ətraflı danışıb.
Cari mövsümdə 13 oyunda 20 qol vuran forvard atasının hazırladığı lazanyadan (İtalyan mətbəxində makarondan hazırlanmış yemək) həzz alıdığını söyləmişdi: “Hər ev oyunundan əvvəl atamın hazırladığı lazanyadan yeyirdim. Yəqin ki, o, hansısa xüsusi inqredient əlavə edir. Mən ona kömək etmirəm, divanda oturub sadəcə izləyirəm”.
Haaland sənədli filmdə necə qidalandığı haqqında məlumat verib: “Siz belə şey yemirsiz, amma mən bədənimə diqqət göstərirəm. Fikirləşirəm ki, ən vacibi keyfiyyətli təamlardır. Yaxşı olardı ki, ərzaq yerli istehsalçılardan olsun. Deyirlər ki, ət ziyandır. “Macdonalds”dakı kotlet? Yoxsa qonşu fermada olan öküzün əti? Mən ürək və qaraciyər yeyirəm”.
Futbolçu gün ərzində 6 min kalori qəbul etdiyini deyib. Kişilər orta hesabla sutka ərzində 2500-2700 kalori qəbul edirlər. Norveç millisinin üzvünün maddələr mübadiləsi əladır, həm də o, meydanda adi adamlardan qat-qat çox kalori “yandırır”.
Haalandın sevimli yeməyi hansıdır? “Siti”nin hücumçusunu dinləyək: “Mən sevimli yeməyimi demək olar ki, heç vaxt dadmıram. Kabab və kabab pitza xoşuma gəlir. Onları sevirəm, lakin yeyə bilmərəm. Evdə oturub fikirləşirəm, “kabab yesəm, əla olardı”. Sonra soyuducuya tərəf gedirəm və nəsə başqa şey götürürəm. Budur mənim həyatım. Bir də şərabı sevirəm. Yalan deməyəcəm, hətta çox sevirəm”.