Lorenzo Mezzotero İtaliya yığmasına çağırıla bilər
“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero Azərbaycan millisinin formasını geyinməyə bilər.
Msport.az xəbər verir ki, 19 yaşlı futbolçunun İtaliya yığmasına çağırılmaq ehtimalı yaranıb.
Noyabrda millimizə çağırılan Mezzotero zədə səbəbindən debüt edə bilməyib. Bu isə italyanları ümidləndirib. Onun B Seriyasının son 4 oyununda 4 qol vurması İtaliya millisinin skautlarının da diqqətini cəlb edib. İtaliya Futbol Federasiyası gələcək vəd edən forvardın əldən çıxmaması üçün onu əsas milliyə dəvət edə bilər. Bu da Mezzoteronun millimizə çağırılmaması ilə nəticələnəcək.
Gənc forvard bu yaxınlarda “Sampdoriya” ilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən, komanda A Seriyasına yüksələrsə, onun maaşı da artırılacaq.







