featured-image-38225

“Biz nikbinik, eyni zamanda realist olmalıyıq. Səviyyə baxımından Azərbaycan yığması bizə ən yaxın komandadır. Bu, sabahkı oyunu daha əhəmiyyətli edir”.

Msport.az xəbər verir ki, bu sözləri Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsində evdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis Azərbaycan millisinin texnikalı komanda olduğunu bildirib: “Rəqibin oyunçuları yaxşı səviyyədə çıxış edirlər. Amma bizim də keyfiyyətli komandamız var. Onlar topla oynamağı sevsələr də, təşəbbüsü biz ələ keçirməliyik. Azərbaycan millisi İsveçlə matçda topa rəqibindən daha çox nəzarət edirdi. Bu statistika onlar haqqında nəsə deyir. Kompakt olmalı, həm hücumda, həm də müdafiədə balanslı oynamalıyıq”.

49 yaşlı baş məşqçinin fikrincə, sabahkı qarşılaşmada yığmadan fərqli oyun gözləmək lazım deyil: “Hər kəs “Barselona” və ya “Mançester Siti” kimi oynamaq istəyir. Ancaq futbolçuların nəyə qadir olduqlarını anlamaq lazımdır. Son matçlarda topa nəzarət 30-40 faiz bizdə olub. Ona görə də rəqibə görə fərqli oynamağa başlayacağımızı düşünməyin mənası yoxdur. Azərbaycan yığmasının əsas silahı top saxlamaqdır. Bizim isə başqa üstün tərəflərimiz var”.

Estoniya millisinin qol vurmaqla bağlı probleminin olduğunu etiraf edən T. Heberli Azərbaycanla matçda tilsimi qırmağa çalışacaqlarını vurğulayıb: “Məşqdə qol vurduq, bunu sabah da etməliyik. Ümid edirəm ki, İsveç və Belçika ilə oyunlarda əldə etdiyimizdən daha çox şans yaxalayacağıq. Milli komanda səviyyəsində qol vurmaq asan deyil. Ümumi planda bununla bağlı heç bir narahatlığımız yoxdur. Amma son üç oyunda bu çətinliklə üzləşdik”.

O, üzərində hər hansı təzyiq olmadığını əlavə edib: “Futbolda təzyiq nədir? Bütün bunlar gözləntilərə bağlıdır. Qalib gəlmək istəyirəm, bu, ən vacib məsələdir. Bu oyunun önəmli olduğunu əvvəldən bilirdik. Qələbə qazananda hər şey qaydasında olur. Məğlubiyyət isə həmişə təzyiq yaradır. Bu mənada Argentina və ya Estoniyaya başçılıq etməyin heç bir fərqi yoxdur. Sentyabrdakı oyunlarda uduzduq, indi vəziyyəti dəyişmək istəyirik”.

Qeyd edək ki, oktyabrın 13-də “Le Kok Arena”da keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər