featured-image-38200

“Əvvəlki çempionat oyunlarında olduğu kimi, “Qarabağ”la matçda da çoxlu qol imkanı yaxaladıq. Amma təəssüf ki, bu dəfə də onlardan yararlana bilmədik”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin macarıstanlı futbolçusu Mark Tamaş ölkəsinin mətbuatına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının IX turunda evdə “Qarabağ”a 2 cavabsız qolla uduzduqları oyun barədə danışan 30 yaşlı müdafiəçi uğursuzluq zolağına düşdüklərini bildirib: “Artıq bir neçə həftədir, qol vurmaq problemi ilə mübarizə aparırıq və bu, hədsiz dərəcədə əsəbvericidir. “Qarabağ” demək olar ki, iki dəfə ciddi hücum etdi və hər ikisində qol vurdu. Bununla belə, nikbinəm, çünki hələ çempionatın əvvəlindəyik. Bilirəm ki, hücumçularımız daha effektiv olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxacağıq. Əslində qol epizodlarını qaçırmağımıza səbəb bacarıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağına düşmüşük. Gah topu qapı dirəyinə vururuq, gah da rəqib qolkiper özü də bilmədən zərbəni dəf edir. Amma səylə çalışmağa davam edirik. İnanıram ki, çox iş bəhrəsini verəcək və növbəti turda “Səbail”lə matç uğurlu seriyanın başlanğıcı olacaq”.

Bu mövsüm “Neftçi”nin heyətində UEFA Konfrans Liqasının təsnifat oyunlarında iştirak edən M. Tamaş belə fürsət qazandığı üçün şad olduğunu söyləyib: “Son üç-dörd matçda özümü gözlədiyim formada hiss etdim. Baş məşqçi Adrian Mutu mənə güvənir və xoşbəxtlikdən klub rəhbərliyi də ona etimad göstərir. Tanınmış hücumçu, şübhəsiz ki, komandanı daha effektiv etmək üçün bir yol tapacaq. Hətta forvardlarımız inam qazanmaq üçün məşqdə boş qapıya qol vurmalı ola bilərlər”.

O, Macarıstan millisinin bu ay keçirəcəyi oyunlarına dəvət almamasına da münasibət bildirib: “Komandamız son vaxtlar yaxşı futbol nümayiş etdirir. Dəvət almayacağımı təxmin etmişdim. Mənim vəzifəm yaxşı oynamaq və meydanda hər şeyi etməkdir. Bundan sonra yığmadan dəvət gözləmək olar. Yolumdan dönməyəcəyəm. Bundan sonra noyabrdakı oyunları səbirsizliklə gözləyəcəyəm”.

Qeyd edək ki, Mark Tamaş cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər