İtalyanlarla 9-cu duel – ilk qələbə arzusu
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Napoli” – “Qarabağ” oyunu İtaliya və Azərbaycan klublarının avrokuboklarda doqquzuncu dueli olacaq.
Msport.az xəbər verir ki, indiyədək baş tutan 8 matçın 6-da italyanlar qalib gəlibsə, 2-də heç-heçə qeydə alınıb.
“Neftçi” 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində “İnter”ə rəqib olub. Bakıda 1:3 hesabı ilə uduzan “ağ-qaralar” Milandakı qarşılaşmada heç-heçəyə nail olub – 2:2.
Daha sonra “Qarabağ” 2014-cü ildə eyni turnirin qrup mərhələsində “İnter”lə üz-üzə gəlib. Səfərdə 0:2 hesabı ilə məğlub olan “köhlən atlar” evdə qolsuz heç-heçə edib.
Ağdam təmsilçisi 2016-cı ildə də italyanlara rəqib olub. Bu dəfə “Fiorentina” UEFA Avropa Liqasındakı hər iki qarşılaşmadan qalib ayrılıb – 5:1, 2:1.
Azərbaycan çempionu 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə qarşılaşıb. “Canavarlar” hər iki görüşdən üstün ayrılıb – 2:1, 1:0.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







