featured-image-5178

Bir az əvvəl qazaxıstanlı futbolçuların Slovakiya ilə qələbədən sonra paltardəyişmə otağında sevincli hay-küyünə  baxdım. Haqlarıdır, ürəkləri istəyən qədər əylənə bilərlər. Millidə baş məşqçi kimi ilk oyunlarını keçirən Maqomed Adiyev 2 turdan sonra 100 faizlik nəticə göstərib və Qazaxıstan qrupun vahid lideridir. Həmin Qazaxıstan ki, heyətinə görə, bizim millidən elə də fərqlənmir, aşağı-yuxarı eyni səviyyəli komandalardır. Yalnız müdafiənin mərkəzində oynayan 22 yaşlı Nuralı Alıpı qeyd etmək olar. Amma o da ötən mövsüm “Zenit”in heyətində Rusiya çempionatında cəmi 10 matçda meydana çıxlb.

Bəlkə də Qazaxıstan növbəti görüşlərdə büdrədi, ola bilsin ki, heç qrupda 1-ci də ola bilmədilər. Lakin bütün bunlar Adiyevin qısa vaxt ərzində gördüyü işə kölgə sala bilməz, ən əsası isə o, özünü və komandasını inandıra bildi, Qazaxıstan məhz bu inamın sayəsində qələbələr qazandı.

Artıq 2 il olacaq ki, millimizin sükanı arxasında olan (hərçənd ki, bizim komanda daha çox sükansız, “xolostoy”da gedənə oxşayır) De Byazi isə hər dəfə heç-heçədən və ya minimal məğlubiyyətdən sonra çıxıb açıqlama verir ki, “inkişaf var, düz yoldayıq” və s. Düz yol nədir axı? Biz bu müddət ərzində artıq o yoldan geri qayıtmalı idik. De Byazi isə hələ də yol, cığır axtarır. Necə ki, illərdir millidə kimə güvənəcəyini tapa bilmir. 33 yaşında Riçard Almeyda yenidən milliyə dəvət olunub start heyətində meydana çıxır,  Krivotsyuk fiziki baxımdan hazır olmaya-olama yığmaya çağrılır. Almeydanı Qurban Qurbanov artıq “Qarabağ”dan göndərməyə hazırlaşır, futbolçu klubda rəqabətə hazır deyil, çatdırmır. Ötən mövsüm braziliyalı yarımmüdafiəçi cəmi 17 oyunda meydanda olub ki, bunların da yalnız yeddisində 90 dəqiqə mübarizə aparıb.

De Byazi millimizdən zəif, yaxud eyni səviyyəli rəqiblərlə görüşlərdə də müdafiəni gücləndirir, daha çox qapının toxunulmazlığını düşünür. 0:0 bitən oyundan sonra isə hər dəfə “inkişaf var” kimi nağıllar danışır.

De Byazi gedən kimi hər şey düzələcəkmi? Bax, bu da cavabı bəlli olmayan suallardandır. Aydın məsələdir ki, onun getməyi ilə də problemlər o dəqiqə həll olunmayacaq, yığma ağ günə çıxmayacaq. Necə ki, Yurçeviçin vaxtında eyni şey idi, indi De Byazidə belədir, sabah başqa birisində də oxşar situasiya olacaq.

Artıq milli komanda elə vəziyyətə gəlib çatıb ki, heç bir futbolçu can qoymaq istəmir, meydanda döyüşmür, 10 günün tez başa çatıb istirahətə yollanmasını arzulayır. Amma buna görə futbolçuları elə də qınamaq olmaz. Onlar da ümumi ab-havadan beziblər, əlacları olsa, günü-bu gün yığmadan gedərlər.  Millidə futbolçuların inandığı, onların hörmət etdiyi biri çalışmalıdır ki, ustalıq səviyyəsi yetərli olmayanda çıxıb həmin adama görə meydanın altını üstünə çevirsinlər.

Seçmə mərhələlər bir-birini əvəz edir, milli uduzur, baş məşqçilər dəyişir, azarkeşlər futboldan küsür, ortalıqda isə heç bir iş yoxdur. Yığma Bakıda Slovakiya və Belarusla matçlarda da qələbə qazana bilməsə, böyük ehtimalla De Byazi vaxtından əvvəl göndəriləcək. Yenə kimsə gələcək, əvvəl vaxt istəyəcək, sonra da heç-heçə olan kimi deyəcək “inkişaf var”.

Görəsən, De Byazi çarter reysinin beznes klassında rahat oturub uçanda bilirdi ki, Belarus yığması Serbiyaya necə gedib çıxıb? Mən deyim: 6 saata Minskdən İstanbula uçublar, 6 saat orda aeroportda gözləyiblər, 1,5 saata Belqrada çatıblar. Bir saat da Belqraddan Novi-Sada avtobusla.

ELNUR MƏMMƏDLİ

Bənzər xəbərlər