"Klubun adını çəkən kimi dedi ki, "get" - Leandro Andrade Ukraynaya necə yollanıb?
“Qarabağ”dan “Polesye” klubuna transfer olunan Leandro Andrade Ukrayna klubunun rəsmi saytına müsahibə verib.
Msport.az xəbər verir ki, o, Azərbaycanda keçirdiyi günlərdən, “Qarabağ”dakı dönəmindən danışıb:
“Mənim üçün 4,5 il ərzində doğma evə çevirilmiş yeri tərk etmək asan olmadı. Orada bütün həyatım boyu dostluq edəcəyim insanları tanıdım, eləcə də azarkeşlərin böyük sevgisini qazandım. Məni çox vaxt “qızıl oğlan” adlandırırdılar. Avropada qalıb inkişaf etmək istəyən klubda oynamağı arzulayırdım. Burada çıxış etmiş bir neçə futbolçu ilə danışdım. Bu mənə klubun necə işlədiyini müəyyən etməyə və qərar verməyə böyük rol oynadı”.
Andrade “Qarabağ”da birgə oynadığı Aleksey Kaşukdan da “Polesye” haqqında soruşduğunu bildirib:
“Mən klubun adını çəkən kimi o dedi ki, “get”. İlk olaraq məhz belə dedi. O bildirdi ki, Ukrayna çox yaxşı ölkədir, insanları mehribandır və mən özümü evdəki kimi hiss edəcəm. Mənə elə gəlir ki, mentalitet Portuqaliyadan və ya Kabo Verdedən o qədər də fərqlənmir.
Həmçinin “Qarabağ”da işləyən fizioterapevtlə də danışdım. O da ukraynalıdır və məsləhət gördü ki, tərəddüd etməyim və gedim. Müharibə barədə çox da məlumatı olmayan bir əcnəbi üçün müəyyən riks mövcuddur. Amma bir çox legionerlər uzun müddətdir ki, Ukraynada çıxış edirlər və onlara xoşbəxtlikdən heç nə olmayıb”.
26 yaşlı futbolçu karyerasının ən yadda qalan oyunu barədə məlumat verib:
“”Benfika”ya qarşı Çempionlar Liqasındakı oyun. Bu kluba uşaqlıqdan azarkeşlik edirəm. Mən qol vura bildim və biz qalib gəldik – 3:2”.
Andrade “Polesye” ilə Konfrans Liqasının liqa mərhələsinda oynayacaq:
“Mən heç vaxt Konfrans Liqasının əsas mərhələsində çıxış etməmişəm. Yalnız pley-off-da oynamışam, çünki bir neçə il əvvəl Avropa Liqasın qrup mərhələsində mübarizəni dayandırmışdıq. İstənilən Avropa klub turnirində mübarizə aparmaq çətindir və rəqabətlidir”.
Andrade “Polesye”nin Konfrans Liqasında rəqibi olacaq “Kopenhagen”i də dəyərləndirib:
“Qarabağ” ötən mövsüm “Kopenhagen”lə qarşılaşdı. Bu, güclü komandadır. Biz 1:0 öndə idik, lakin onlar üstünlüyü ələ aldılar. Lakin qolu biz vurduq. İstəyirəm ki, komandamız Konfrans Liqasının əsas mərhələsində oynasın. Rəqibin kimliyindən asılı olmayaraq, özümüzə inanmalıyıq”.







