"Komanda çox gərgin görünürdü" - "Tvente"nin baş məşqçisi
Tvente”nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyun haqda fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, komandasının Bakıdakı cavab oyununda daha yaxşı çıxış edəcəyinə inandığını deyib:
“Ağır məğlubiyyət yaşadıq. Çünki bazar günü “Zvolle”yə qarşı oyundan sonra hamımız pozitiv idik. Meydanda yaxşı vəziyyətdə olan 11 futbolçuya ehtiyacımız var. “Qarabağ” kimi komanda ilə qarşılaşanda səviyyəndən aşağı oynasan çox çətinlik çəkəcəksən. Amma bugünkü oyun gələn həftə üçün mənə ümid verir. Biz həqiqətən daha yaxşı oynaya bilərik”.
Niderlandlı mütəxəssis uğursuz çıxışın səbəbini izah edə bilmədiyini də deyib:
“Bazar günü də eyni heyətlə oynamışdıq. Bəzən belə vəziyyəti izah etmək mümkün olmur. Komanda çox gərgin görünürdü, amma bunun səbəbini izah etmək həqiqətən çətindir”.







