featured-image-82893

Azərbaycan millisi sabah yoldaşlıq oyunu çərçivəsində Tacikistan yığmasını qəbul edəcək.

Msport.az xəbər verir ki, matçdan öncə qonaqların baş məşqçisi İqor Anqelovski  jurnalistlərin önünə çıxıb.

– İlk olaraq qeyd edim ki, burada olmaqdan şadam. Azərbaycan bizə hər cür şərait yaradıb. Ehtiyacımız olan hər şeyə sahibik. Sabah rəsmi yoldaşlıq oyunudur. Bu oyuna hazırıq. Futbolçularla işləməkdən məmnunam. Bizim gözəl nəticələrimiz var. Asiya Kubokuna vəsiqə qazanmışıq.

– Qarşıda Azərbaycan, Fələstin və Çin yığmasına qarşı yoxlama görüşlərinə çıxacaqsınız. Hansı komanda daha güclüdür? Azərbaycanı özünüzdən güclü hesab edirsiz, yoxsa eyni səviyyədəsiz?

– Baş məşqçi olaraq, bütün rəqiblərə hörmət etməliyəm. Altı il bundan qabaq Şimali Makedoniya millisinin baş məşqçisi olmuşam. Bütün komandalara hörmət etməliyik. İki dəfə Azərbaycana qarşı oynamışıq. Yüksək keyfiyyətlərə malik oyunçularınız var. Komandanız D Liqasında olmağa layiq deyil. Çünki oyunçularınız yüksək keyfiyyətlidir. İndi Azərbaycan haqda düşünürük. Azərbaycanla oyundan sonra digər komandalar haqda fikirləşəcəyik.

– Sabahkı matçda sizin üçün yaxşı oyun, yoxsa nəticə vacibdir?

– Təbii ki, nəticə həmişə vacibdir. Yoldaşlıq oyunları milli üçün çox əhəmiyyətlidir. Oyunçularıma həmişə deyirəm ki, millidə oynayırıqsa, Tacikistanı qürurlandırmalıyıq. Sevinirəm ki, komandamda belə yaxşı futbolçular var. Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq.

– Sabah qapıda “Turan Tovuz”un qapıçısı Oleq Baklovu görəcəyik?

– Bugünkü məşqdən sonra bəlli olacaq. İndi nəsə deyə bilmərəm. Rəqibə mesaj vermək istəmirəm.

– Azərbaycan millisində xüsusi kimi fərqləndirərdiniz? “Sabah”ın Çempionlar Liqasındakı oyunlarına baxmısız?

 “Sabah”ı və baş məşqçi Valdas Dambrauskası təbrik edirəm. Gözəl oyun oynayırlar. Keçən il də “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında gözəl nəticələr göstərdi. Qurbanov millinin baş məşqçisi olanda mən də Şimali Makedoniya komandasında idim. Çox təəssüf ki, klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur. Hansı oyunçu? Hazırda Tacikistan millisində işləyirəm, öz oyunçularıma köklənmişəm.

– Altı il əvvəlki Azərbaycan millisi ilə indiki arasında hansı fərq var?

– Hazırlıq vaxtı qarşılaşmışdıq və 3:1 hesabı ilə qalib gəlmişdik. Türkiyədə 1:1 oynamışdıq. Həmin heyətdən Azərbaycan millisində 1-2 oyunçu qalıb. Müqayisə etmək doğru olmazdı.

– Vaxtı ilə Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında adınız qeyd olunurdu. Bu doğrudur?

– İndi bu haqda danışmağın vaxtı deyil. Milli komandanın baş məşqçisi ilə bağlı çox adlar olur. Tacikistan yığmasının baş məşqçisiyəm. Bununla da fəxr edirəm.

Bənzər xəbərlər