La Liqada çipli topdan istifadə olunacaq
İspaniya La Liqasında yeni mövsümdən etibarən daxilində xüsusi çip olan toplardan istifadə ediləcək.
Msport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. VAR və yarıavtomatik ofsayd sistemi ilə inteqrasiya olunmuş “Connected Ball” texnologiyası İspaniya çempionatının bütün oyunlarında tətbiq ediləcək.
Beləliklə, La Liqa bu sistemi tətbiq edən ilk milli futbol çempionatı olacaq.
La Liqanın açıqlamasında bildirilib ki, rəsmi “Puma” topuna “Kinexon” şirkətinin hazırladığı radiotezlik sensoru yerləşdirilib. Sensor real vaxt rejimində topun mövqeyi və hər toxunuşun dəqiq anı barədə məlumat ötürəcək. Bu məlumatlar stadionlarda quraşdırılmış təxminən 12 antendən ibarət şəbəkə vasitəsilə sistemə göndəriləcək.
Yeni texnologiya xüsusilə ofsayd, əllə oyun, topun istiqamətinin dəyişməsi, künc zərbəsi, ikiqat toxunuş və digər mübahisəli epizodlarda hakimlərin daha dəqiq qərar verməsinə kömək edəcək.
Qeyd edək ki, oxşar texnologiyadan 2026-cı il dünya çempionatında da istifadə olunub. La Liqanın planına əsasən, 2027/28 mövsümündən etibarən sistem Sequndada da tətbiq ediləcək.







