featured-image-80534

“Neftçi” UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda Minsk “Dinamo”sunu qəbul edəcək.

Msport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Yuri Vernidub matçdan öncə jurnalistlərin önünə çıxıb.

– Siz təkcə yaşıl meydanda mübarizə aparmamısız. Rəqibin təmsil etdiyi ölkə sizə fərqli motivasiya verir?

– Elə bir fərq yoxdur. Bu sualla yanaşı, kapitana verdiyiniz suala şərh vermək istəyirəm. Arzum var ki, “Neftçi” 90 illiyində ölkə çempionu olsun, klub buna layiqdir. “Neftçi” böyük tarixi olan klubdur. Biz bunu çox arzulayırıq. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə düşməkdir. Özüm heç vaxt bu mərhələdə olmamışam. Yaxşı təcrübə olardı. Zaman göstərəcək hər şeyi. Bunun üçün kifayət qədər hazırlaşmışıq. “Dinamo” öz ölkəsinin çempionudur. Orada çempionatın qızğın vaxtıdır. Bu, onlara tempdə olmaq baxımından üstünlük verir. Rəqibi keçməyə çalışacağıq.

– Hazırkı heyətiniz çempionluq uğrunda mübarizə aparmağa yetəcək?

– Komandanın özəyi var. Oyunlara davam edə bilərik. Amma transfer işlərimiz davam edir. Sadəcə hər şey o qədər də asan olmur. Əlbəttə ki, 100 faiz əlavələrimiz olacaq. Hazırda 3 qapıçı, 20 oyunçumuz var, onlarla davam edəcəyik. Mən də, klub rəhbərliyi də başa düşür ki, güclənməyə ehtiyacımız var. Bunun üçün transferlər olmalıdır. Bir az vaxt var. Bu yöndə işlər gedir. Bilirik ki, yeni oyunçuların gəlməsi qarşıya qoyulan hədəflərə çatmağa kömək olacaq.

– Növbəti mərhələdə potensial rəqibin “Braqa” olması rəhbərliyin transferləri davam etdirməsinə mane ola bilər? 

– Bu suala cavab vermək çətindir. Çünki rəhbərliyə aid olan məsələdir. Komandanın özəyi var. Elə mövqelər var ki, oranı gücləndirməliyik. Bizim rəhbərliklə, prezidentlə, daha yüksək rəhbərliklə daimi əlaqələrimiz var. Bunlarla birlikdə çalışırıq. Transfer məsələsi o qədər də asan deyil. Elə futbolçular gəlməlidir ki, komandamızı gücləndirsin. Yalnız bu cür oyunçuların gəlişinə razılıq veririk.

– “Neftçi” – “Dinamo” matçı ərəfəsində üstün komanda hansıdır?

– Çox çətin sualdır. Birbaşa cavab verə bilmərəm. Hər komanda yaxşı olduğunu düşünür. Oyun bitsin, nəticələrə əsasən deyə bilərik ki, hansı komanda daha yaxşıdır.

– Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?

– Hansı komandanın özünü ən yaxşı tərəfdən göstərməsindən asılı olacaq. Çox istərdim ki, bu, mənim komandam olsun. “Dinamo”nun baş məşqçisi isə onun komandasının olmasını istəyir. Əlimizdən gələni edəcəyik ki, sizi sevindirək.

– “Dinamo” “Sileks”lə ilk görüşdə uduzmuşdu. Amma Şimali Makedoniyada qalib gələrək, mərhələni adladı. Bu sizin üçün gözlənilməz olmadı? Planlarınıza təsir etdi?

– Çətin oyun idi. “Sileks” tam bağlanmışdı, “Dinamo” zərbə endirə bilmədi. İkinci matçda isə “Dinamo”nun daha çox bəxti gətirdi. Hər iki görüş çətin alındı.

– Sabah “Neftçi”nin ifasında ötən mövsüm ərzindəki oyununun davamını görəcəyik? Çünki Varqas yoxdur, adətən yalançı “9 nömrə” mövqeyində oynayırdı…

– Sabahı gözləyək (gülür). Hər şeyi görəcəksiz.

– Hansı mövqelərə oyunçu gətirəcəksiz?

– Bu məsələ məndə qalsın. Gətirəndə, görəcəksiz. Sabahkı oyunöncəsi kartlarımı niyə açım? (gülür). Biz öz rəqibimizə hörmət edirik, amma onlardan qorxmuruq. Yeni oyunçuları gətirmək istəyirik. Əlimizdən gələni edirik.

– “Neftçi” azarkeşlərində sizin gəlişinizdən sonra böyük ümid yarandı. Konfrans Liqasının püşkatmasında potensial rəqibin “Braqa” çıxmasından sonra “Şerif”də olduğunuz müddətdə “Braqa”ya qalib gədliyiniz oyunu da paylaşmışdılar. Bütün bunlar sizdə təzyiq yaratmır? 

– Təzyiq hiss etmirəm. Çünki kifayət qədər təcrübəm var. Səmimi desəm, ailə daxilində bunu hiss edərəm. Amma oyunda, işdə bunu heç vaxt göstərmərəm. Bu, çox normaldır. Azarkeşər niyə tələb edir? Hər zaman səndən yaxşı nəticə gözləyirlərsə, təzyiq olacaq üzərində. Bu təzyiqi həmişə görmüşəm, olub, olacaq. Biz nə etməliyik? Buna hazır olmalıyıq. Mən də hazır olmalıyam, futbolçular da. Onlar olandan sonra təzyiqin ciddi təsiri olmayacaq. Hər şey yaxşı olanda, hamı səni sevir. Yaxşı olmayanda hamı sənə nifrət edir. Məhəbbətdən nifrətə bir addım yol var. Düşünürəm ki, təkcə mənim həyatımda belə deyil. Sadəcə hazır olmaq və irəli getmək lazımdır.

Bənzər xəbərlər