Məqsəd İsayev: “Təsadüf bir, iki, maksimum üç oyunda ola bilər” – MÜSAHİBƏ
“Zirə”nin cinah müdafiəçisi Məqsəd İsayevin Msport.az saytına müsahibəsi
– Cari mövsümün əvvəlindən “Zirə”də çıxış edirsiniz. Özünüzü yeni komandanızda necə hiss edirsiniz?
– Bəli, buraya yeni gəlməyimə baxmayaraq tez uyğunlaşdım. Hazırda hər şey qaydasında gedir.
– “Zirə” 7 turdan sonra 16 xalla turnir cədvəlinə başçılıq edir. Mövsümün əvvəlində komandanın bu cür çıxış edəcəyini gözləyirdiniz?
– Mövsümün əvvəlində yaxşı hazırlıq keçdik. Çempionata çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu mövsüm gərgin mübarizə olacaq. Hər şey gözlənilən kimi cərəyan edir.
– Son turda “Neftçi” ilə bərabərə qaldınız. Oyunla bağlı nə deyə bilərsiniz? Sizcə, 2 xalı hansı tərəf itirdi?
– “Neftçi” ilə oyun bir az fərqli alındı. Əvvəlki turlara baxanda rəqib başqa cür oynadı. Təbii ki, biz də istədiyimiz oyunu sərgiləyə bilmədik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir. Çünki bizim də şanslarımız oldu, rəqibin də.
– Belə fikirlər dolaşır ki, “Zirə”nin zirvədə olması sırf təsadüfdür. Komandanın buna praqmatik futbolla nail olduğu düşünülür. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Xeyr. Təsadüf bir, iki, maksimum üç oyunda ola bilər. Amma biz 5 oyunda qalib gəldik. Burada təsadüfdən söhbət gedə bilməz. Hər şey komandadakı birlikdən, oyunlara çox diqqətli yanaşmaqdan irəli gəlir. Ona görə də deyilənlər mənə maraqlı deyil.
– Düzdür, mövsümün əvvəlidir. Amma liderliyinizi nəzərə alsaq, hardasa çempion olmaq könlünüzdən keçirmi?
– Bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Qismet olarsa, mövsümü ilk “üçlük”də bitirmək istəyərik.
– Amma bu mövsüm “Qarabağ” və “Sabah”ı məğlub etmisiniz, “Neftçi”dən isə xal almısınız…
– Doğru dediniz. Hər üç komandadan xal və ya xallar aldıq. Bu da hardasa bizə çempionatda üstünlük yarada bilər. Amma tək bunlarla kifayətlənmək olmaz.
– Növbəti turda “Araz Naxçıvan”la qarşılaşacaqsız. Bu matç və rəqiblə bağlı nə düşünürsünüz?
– Rəqib yaxşı komandadır. Qısa müddətdə yığılsa da, öz oyun üslubları var. Şəxsən mən “Araz-Naxçıvan”ın sərgilədiyi futbolu bəyənirəm. Görünür ki, iş gedir. Buna baxmayaraq, qələbə qazanmağa və xal fərqini artırmağa çalışacağıq.