featured-image-20608

Futbol aləminin başı qış transferlərinə qarışdığı vaxtda Bakı həndbol üzrə Avro-2026-nın ilkin seçmə mərhələsinin oyunlarını qəbul edir. Azərbaycanda həmişə kişi həndbolu qadın həndbolunun kölgəsində qalıb. “Avtomobilçi” beynəlxalq yarışlarda uğurla çıxış edib, SSRİ yığmasının heyətində Rəfiqə Şabanova və Lyudmila Şubina Olimpiya çempionu olublar.

Lakin Bakı İdman Sarayında keçirilən kişilər arasında qitə çempionatının ilkin seçmə mərhələsində rəqiblər özümüzə bab idi – Malta, Kipr və Böyük Britaniya. Britaniyanın adı sizi çaşdırmasın, bu ölkənin kişi həndbolçuları heç vaxt qitədə güclülərdən sayılmayıblar.

Millimizin beynəlxalq yarışlara daha yaxşı hazırlaşması üçün iranlı mütəxəssis Nasser Salemi də baş məşqçi postuna dəvət olunub. Amma yığmamız ilk oyunda Malta üzərində qələbə qazansa (34:25) da, ikinci görüşdə britaniyalılar qarşısında aciz qaldı – 22:39. Bu məğlubiyyətdən sonra komandamızın növbəti mərhələyə yüksəlmək şansları (yalnız qrup qalibi mübarizəni davam etdirəcək) olduqca aşağıdır. Bəlkə də Azərbaycan seçməsindən turnirdə böyük gözləntilər yox idi. Amma Azərbaycan Həndbol Federasiyası (AHF) yarışa ev sahibliyi edirsə, yəqin ki, komandanın qarşısına qrupda 1-ci yeri tutmaq vəzifəsi qoymuşdu.

Federasiyadan söz düşmüşkən, açılış mərasimində  AHF prezidenti Saleh Məmmədov Gənclər və İdman naziri, MOK-un vitse-prezidenti ilə poz versə də, Britaniya ilə matçda onu görən olmadı. Halbuki həmin görüş yığmamız üçün daha vacib və əhəmiyyətli idi, komandamızın qrupdan çıxmaq məsələsi həll olunurdu. Oyun şənbə günü saat 17:00-da start götürsə də, Saleh müəllim gəlib çıxmadı. Görünür, Avtomobil Yolları Dövlət Agentliyinin sədri olan Məmmədovun başı daha vacib işlərə qarışıb. Yenə yəqin hansısa yolları 5-ci dəfə asfaltlamaq haqqında düşünürlərmiş. Aydın məsələdir ki, onun üçün həndbol səkkizinci dərəcəli işdir. Bəlkə də soruşsan, Bakı turnirinin əsasnaməsindən xəbəri də yoxdur. Sadəcə tapşırıblar, “federasiya sənlikdir”, o da açılışdan-açılışa gəlib görünür.

Gənclər idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva ilə görüşü sonadək izlədi. Hətta matçdan sonra Vasilyeva komandanı başına yığıb xeyli söhbət elədi, nələrisə müzakirə etdi.

AYXAN 

Bənzər xəbərlər