Millimizin baş məşqçisi: “Bu bizə problemlər yaratdı”
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Qazaxıstan yığması ilə yoldaşlıq görüşündən sonra fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, Çimkənd şəhər stadionunda 2:1 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib.
Mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında qarşılaşmanı iki hissəyə bölüb: “Oktyabrın 20-dən burada təlim-məşq toplanışındayıq. Bu gün yerli komandaya qarşı ilk yoldaşlıq görüşünü keçirdik. Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir. Rəqibi təhlil etdiyimiz zaman güclü futbolçulara sahib olduqlarını görmüşük. Bugünkü matçı iki hissəyə bölmək olar. Birinci hissədə çox yaxşı çıxış etdik, hesabı açdıq. Fasiləyə qədər ən azı daha bir qol vura bilərdik. Qazaxıstan yığmasının da təhlükəli hücumları oldu, amma müdafiədə çox diqqətli oynadıq. İkinci hissədə isə rəqib oyun planını dəyişdi, əsasən uzun ötürmələrlə hücumlar qurmağa çalışdı. Bu da bizə müəyyən problemlər yaratdı. Qolu da standart vəziyyət zamanı öz səhvimizdən buraxdıq. Buna baxmayaraq, qələbə qazandıq. Görüşün əvvəlindən sonuna qədər qalib gəlmək üçün əlindən gələni edən, xarakter göstərən komandamıza təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə ikinci yoldaşlıq görüşünü oktyabrın 27-də keçirəcək.







