featured-image-61831

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Monteneqro yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, hər iki komandanın bərabər gücə malik olduğunu düşünür:

“Fevralın 15-dən toplanış keçirik. Monteneqro ilə görüşə maksimum gücümüzlə hazırlaşırıq. Rəqibi çox yaxşı tanıyırıq. Əvvəlki seçmə mərhələlərdə onlarla bir neçə dəfə qarşılaşmışıq. Millətlər Liqası çərçivəsində üz-üzə gəldiyimiz son iki matçda Monteneqo üzərində qələbə qazanmışdıq. Ancaq bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq. Çünki rəqib futbolçularının həm fərdi, həm də kollektiv keyfiyyətləri yüksəkdir. Bərabər gücə malik komandalar üz-üzə gələcək. Bu səbəbdən hesab edirəm ki, şanslar yarı-yarıyadır. Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək”.

Baş məşqçi heyətdə bəzi itkilərin olduğunu sözlərinə əlavə edib: “Təəssüf ki, itkilərimiz var. Aytac Şərifova klubunda zədələndiyi, Peritan Bozdağ isə Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün dəvət edilməyib. Buna baxmayaraq, inanıram ki, heyətə cəlb olunan digər oyunçular bu boşluğu hiss etdirməyəcəklər”.

Siyasət Əsgərov ötən il Avropa çempionatının seçmə mərhələsində B Liqasında mübarizə aparmağın komandaya böyük təcrübə qazandırdığını söyləyib: “Hər bir oyun bizə böyük təcrübə qazandırır. Bundan əvvəl B Liqasında çıxış etməyimiz komandamızın inkişafına təkan verdi. Çox güclü rəqiblərlə qarşılaşmışdıq. Məsələn, İsveçrə uzun müddət idi A Liqasında çıxış edirdi, yenidən ora qayıtdı. Macarıstan isə A Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirdi. Yəni A Liqası səviyyəsində olan komandalarla qarşılaşmışdıq. Bu da bizə çox şey qatdı”.

Qeyd edək ki, fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Monteneqro oyunu saat 15:00-da başlayacaq.

Bənzər xəbərlər