Millimizin kapitanı: Bu, bizim əleyhimizədir
“İsveçə dünən gəldik, yorğun olmağımıza baxmayaraq, məşqimizi etdik”.
Msport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov deyib.
O, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında Avropa çempionatının əsas mərhələsi çərçivəsində sabah səfərdə İsveçə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Kürdov düşərgədəki ümumi mənzərəni şərh edib: “Uşaqların əhvali-ruhiyyəsi yaxşıdır. Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq. Milli komandamız buna layiqdir. Oyunöncəsi son məşqimizdə taktiki tapşırıqlar üzərində işləyəcəyik”.
Kapitan heyətdə zədəlilərin olduğunu söyləyib: “Heyətimizdə mikrozədəlilər var. Həmin zədələr onların oynamağına mane olmayacaq. İsveç uyğunlaşdığı örtükdə oynayacaq. Biz də reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki reytinqdəki sıralama gələcək püşkatmalar üçün lazım olacaq. Bütün diqqətimizi bu görüşə yönəldəcəyik. Düzdür, Bakıya döndükdən 2 gün sonra Xorvatiya yığması ilə qarşılaşacağıq. Amma bu oyun haqda sonra danışmaq olar”.
Emin Kürdov rəqibi təhlil edəcəklərini sözlərinə əlavə edib: “Bu gün baş məşqçi tərəfindən videogörüntülər təqdim olunacaq. Rəqibin zəif və güclü tərəflərini izləyəcəyik. Oyunun keçiriləcəyi arenanın örtüyü də bizim əleyhimizədir. Çünki terafleksdə məşq etməmişik. Belə örtükdə oynamaq ağır olur, top sürətlə hərəkət etmir. Bunu bəhanə etmirik. İlk məşqimizi keçirdik, ikinci məşq də uyğunlaşmaq baxımından çox köməyimizə çatacaq”.