featured-image-37547

“Partizan”a qarşı Bakıda əla oyun göstərən “Sabah” cavab matçındakı məğlubiyyətdən sonra özünə gələ bilmir. Paytaxt klubu 6 oyuna 5 xal toplayıb və turnir cədvəlində “Kəpəz”lə “Qəbələ”ni qabaqlayır.

Murad Musayevin rəhbərlik etdiyi kollektiv son matçda çempionatın ən zəif komandası kimi göstərilən “Kəpəz”i öz meydanında məğlub edə bilmədi – 2:2. Rusiyalı mütəxəssis mətbuat konfransına yenə min-bir bəhanə ilə çıxdı. Hakimlərin idarəçiliyindən tutmuş, rəqibin anti-futbol göstərməsinə kimi hər şeydən danışdı. Artıq Musayevin hakimlərlə bağlı iradlarını, bəhanələrini dinləməkdən qulaqlarımız qabar olub. İlk dövrlərdə onun səsləndirdiyi fikirlər hər nə qədər əhəmiyyətli idisə, get-gedə Musayev sözü qutaran aşıqları xatırladır.

Rəqibin vaxt uzatdığını demək, anti-futbol oynadığını dilə gətirmək “Sabah” kimi komandanın baş məşqçisi üçün ayıbdır! Tək Ayaz Quliyev və Marqaritaya xərclənən pullara “Kəpəz”i qış fasiləsinə kimi saxlamaq olar. Mənə maraqlıdır, “Kəpəz”i Musayevə, “Sabah”ı Azər Məmmədova versəydilər, o, necə futbol oynadacaqdı? Əlindəki potensialla hücuma çıxacaqdı? Təbii ki, yox!

Musayevin hər tur qırmızı vərəqə alması da artıq hər kəsi boğaza yığıb. Hiss olunur ki, rəhbərlik də vaxt keçdikcə buna görə, məşqçisinin arxasında durmaq istəmir. Onlar da yaxşı başa düşürlər ki, rusiyalı çalışdırıcı uğursuzluq olan kimi min-cür bəhanə uydurur, özünə nə cürsə, haqq qazandırmağa çalışır.

Görəsən, baş məşqçi özündə heç günah görmür? Bu mövsüm bir dəfə də meydana çıxmayan Rustəm Samiqullini birdən-birə “Kəpəz”ə qarşı oynatmağın məsuliyyətini kimin boynuna yazaq?

Belə görünür ki, Murad Musayevin böhrandan çıxış planı yoxdur. O, uğursuzluq olduqca toparlanmaq əvəzinə kənar səbəblər axtarır. Hakimlər, vaxt uzadan rəqiblər və s. Qarşıdakı turlarda “Sabah”ın baş məşqçisi bir günahı da Masazıra gələn jurnalistlərdə görsə, gərək təəccüblənməyək.

Bənzər xəbərlər