"Neftçi"dən ayrıldı, bəxti açıldı - "Sambaçı" "Beşiktaş"ın radarında
Bu ilin yayında “Neftçi”ni Serbiya “Partizan”ına dəyişən Mateus Saldanya karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Msport.az “TRT Spor”a istinadən xəbər verir ki, braziliyalı hücumçu “Beşiktaş”ın diqqət mərkəzinə düşüb. Hətta İstanbul klubunun baş koordinatoru Samet Aybaba 24 yaşlı forvardın oyununu izləmək üçün Belqrada yollanıb.
Klub rəsmisi ötən gün “Partizan” və “Srvena Zvezda” komandaları arasında keçirilmiş derbiyə (2:1) stadiondan canlı tamaşa edib. Həmin qarşılaşmada Saldanya komandasının ikinci qolunun müəllifi olub. Bu qalibiyyətdən sonra meydan sahibləri 47 xalla liderliyə yüksəliblər.
“Sambaçı” “Partizan”ın heyətində meydana çıxdığı 18 oyunda 14 qol vurub.
Qeyd edək ki, “Neftçi” Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın “CEF Yunayted” klubundan birillik icarəyə götürmüşdü.







