featured-image-41486

“Neftçi” klubu daha bir əməkdaşı ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, klubun kommersiya direktoru Rüstəm Allahverdiyev öz istəyi ilə tutduğu vəzifədən ayrılıb. “Neftçi” Rüstəm bəyə bu illər ərzində göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir.

Allahverdiyev özü də gedişi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Gəldik daha bir yolun sonuna. 2018-ci il mayın 2-də “Neftçi” PFKya dəvət olunanda, nə yalan deyim, düşünmüşdüm. Çünki bu klubda işləmək nə qədər şərəf olsa da, təklif olunan vəzifə çox çətin və məsuliyyətli idi. Üstəlik, həmin vaxt “Neftçi”dəki vəziyyət də ürəkaçan deyildi. Bir neçə gündən sonra qərarımı verdim və mayın 16-da işə başladım. Bu müddətdə “Neftçi” ilə çempionluq, sadalamaqla bitməyəcək acılı-sevincli, unudulmaz anlar yaşadım. Artıq “Neftçi” ilə çıxdığım bu dəfəki yol nöqtələnir…

Bu müddətdə iş olaraq qarşıma və qarşımıza qoyulan məqsədlərin hamısına çatmasaq da, çox işlər gördüyümüzü düşünürəm. Bunlar haqqında bu statusda nəsə yazmaq istəmirəm. Bunu klubla bağlılığı olan və olmayan bir çox insan bilir.

Ən əsası, “Neftçi”dən üzüağ ayrıldığımı düşünürəm. Bu müddətdə mənə dəstək verən, birlikdə işlədiyim iş yoldaşlarıma, futbolçulara, məşqçilərə, mediada çalışan həmkarlarıma, sözümə inanıb və güvənib “Neftçi”yə maddi və mənəvi dəstək olan tərəfdaşlara, ən əsası da hazırda klub işində ən uğurlu mütəxəssislərdən ibarət qoyub getdiyim komandamın üzvlərinə təşəkkür edirəm.

Hər şey üçün təşəkkürlər, “Neftçi”! Verdiklərinə və aldıqlarına görə sənə minnətdaram! Bilmək olmaz, qismətdə varsa, bəlkə də nə vaxtsa yenidən yolumuz kəsişəcək. Ancaq sənə olan hörmətim heç vaxt tükənməyəcək. Sən Azərbaycanın ən BÖYÜYÜSƏN. Yenidən zirvələrdə olmağını arzulayıram.

Əziz “Neftçi” azarkeşləri, Siz bu klubun onurğa sütunusunuz. Bu klubun sahibi Sizsiniz. Dünən uğur var idisə, bunun səbəbi siz idiniz. Bu gün uğur yoxdursa, bunun da səbəbi Sizsiniz. Bunu 6 ilə yaxın klubun içində olan biri kimi deyirəm. Əminəm ki, “Neftçi”ni həqiqətən sevən və dəstəkləyənlər tribunada olduqca bu klub yaşayacaq və yenidən uğura doğru istiqamət alacaq. Ola bilər ki, bundan sonrakı həyatımda peşəmdən dolayı Sizdən biri olmayım, ancaq onu bilin ki, ailəmdə Sizdən biri olan Renat adında tribuna yoldaşınız yetişir!

“Forza Neftçi!” deyərək Sizinlə sağollaşıram.

Hər kəsə sevgilərlə!”

Bənzər xəbərlər