“Nəticələrə görə narahatlıq var” – “Sabah”ın legioneri
“Qarabağ”la görüşdə əla oyun göstərdik, qol epizodlarımız oldu. Hətta qələbə qazana bilərdik”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Sabah” klubunun futbolçusu Cesse Sekidika Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
O, matçın gərgin alındığını söyləyib: “Məğlubiyyətə layiq deyildik. Sərgilədiyimiz oyun da bunu deməyə əsas verir. 32-ci dəqiqədə penaltini boşa verdik. Bu, nəticəni dəyişə biləcək həlledici qol fürsəti idi. Bundan başqa, öz səhvlərimizdən sonra iki top buraxdıq. Halbuki, həmin səhvlərə yol verməmək olardı. Sadaladığım məqamlar xal qazana bilməməyimizə səbəb olan əsas amillərdir”.
Nigeriyalı hücumçu bu mövsüm “Qarabağ”a qarşı keçirdikləri ikinci oyundan da xalsız ayrıldıqlarını xatırladıb: “Nəticələr məyusedici olsa da, gələcəyə nikbin baxırıq. Əlbəttə, narahatlıq var və bu, təbiidir. Lakin bu, bizim qətiyyətimizə mane olmur. Hər matçda əlimizdən gələni etməyə və nəticələrimizi yaxşılaşdırmağa səylə çalışırıq. İrəliləməyə davam edəcək, bundan sonra da uğur qazanmağa can atacağıq”.







