Özbəkistan futbolunda maraqlı qərar – Futbolçu maaşına limit
Özbəkistan Superliqasında çıxış edən klubların futbolçuları və baş məşqçiləri üçün maksimum əməkhaqqı limiti müəyyən edilib.
Msport.az xəbər verir ki, dövlət büdcəsindən hər kluba ayrılan 35 milyard som (təxminən 4,6 milyon AZN) məbləğində ilk maliyyə yardımı ilə paralel olaraq sərt məhdudiyyətlər qüvvəyə minib.
Yeni reqlamentə əsasən, bir futbolçunun aylıq maksimum gəliri 27 milyon som (3575 AZN) səviyyəsində dondurulub. Məcburi vergilər tutulduqdan sonra bu rəqəm təxminən 23 milyon soma (3045 AZN) düşür.
Məlumata görə, rəhbərlik və məşqçilər heyəti üçün də ciddi maliyyə normativləri tətbiq olunub. Belə ki, komandanın baş məşqçisinin aylıq maaşı bundan sonra 10 milyon somdan (1324 AZN) çox ola bilməz.
Qeyd edək ki, Özbəkistan prezidentinin hazırlanan yeni fərman layihəsinə əsasən, Superliqa klublarına dövlət büdcəsindən ayrılan vəsait hər il mərhələli şəkildə azaldılacaq. Bu addım klubların tədricən özünü maliyyələşdirmə sisteminə keçməsini təmin etmək məqsədi daşıyır.







