Ozobiç Azərbaycan çempionatları tarixinin 7-cisi oldu
“Neftçi”nin futbolçusu Filip Ozobiç karyerasında 3-cü klubla Azərbaycan Premyer Liqasında 15 və daha çox qol vurub.
Msport.az xəbər verir ki, o, XXX turda “Zirə” ilə ev oyununda (2:4) hesabı açmaqla bunu reallaşdırıb.
Xorvatiya əsilli yarımmüdafiəçi “Neftçi”nin heyətində ölkə çempionatında qol sayını 15-ə çatdırıb. O, daha əvvəl “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.
Milli komandamızın üzvü ölkə çempionatları tarixində 3 fərqli klubda belə məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçudur.
Ona qədər Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və ya daha çox qola imza atıb.
Rekordçu isə Nazim Əliyevdir. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq nümayiş etdirib.