"Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu təxirə salındı, "Sumqayıt" ili qələbə ilə başa vurdu - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasının XVIII turunda Tovuz şəhər stadionunda projektorlardan birinin aşması nəticəsində dayandırılan “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.
Msport.az xəbər verir ki, matçın qalan hissəsi bu gün oynanılmayacaq. Görüş dekabrın 24-ü, saat 12:00-da dayandırıldığı 82-ci dəqiqədən davam etdiriləcək.
————————————–
Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.
Tovuz klubundan Msport.az saytına verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.
Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.
82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.
Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.
—————————————–
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə “Araz-Naxçıvan” arasında olacaq. Hazırda meydan sahibləri 19 xalla səkkizinci, qonaqlar isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.
Günün son oyununda isə “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gələcəklər. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq. 17 turdan sonra 24 xalı olan “gənclik şəhəri” təmsilçisi altıncı, 26 xalı olan “dənizçilər” isə üçüncüdür.
Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (şənbə)
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” – 2:1 (BİRİNCİ HİSSƏ)
Qollar: Xəyal Nəcəfov, 7, Bruno Qonçalveş, 16 – İsmail Azzaui, 58 (pen.)
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.
18:30. “Sumqayıt” – “Səbail” – 1:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”.
Qeyd edək ki, XVIII turun açılış oyununda “Qəbələ” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 24-də keçiriləcək “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.







