Premyer Liqa nəhənginin transfer hədəfi
“Mançester Siti” Premyer Liqanın digər təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandesin transferi üçün gözlənilməz addım atmağı planlaşdırır.
Msport.az xəbər verir ki, yay “transfer pəncərəsi” zamanı heyətdə ciddi dəyişikliklər etmək niyyətində olan “şəhərlilər” argentinalı dünya çempionunu əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Mançester təmsilçisinin rəhbərliyi zədəli Rodri və mövsüm sonunda komandadan ayrılacaq Bernardu Silvanın boşluğunu doldurmaq üçün Fernandesin namizədliyini ön plana çəkib. Klubun skaut heyəti 25 yaşlı oyunçunun ötürmə diapazonunu və oyunun tempini diktə etmək bacarığını yüksək qiymətləndirir.
“Çelsi” ilə 2032-ci ilə qədər müqaviləsi olan futbolçunun transferi üçün klubun böyük maliyyə paketi hazırladığı bildirilir. London təmsilçisi əsas rəqiblərindən birinə belə bir oyunçunu satmaqda maraqlı olmasa da, klubun maliyyə balansını qorumaq ehtiyacı danışıqlara yol aça bilər.
Qeyd edək ki, E.Fernandes 2023-cü ilin iyulundan “Çelsi”də çıxış edir.







