featured-image-573

“Atalanta” gələn mövsüm Çempionlar Liqasında mübarizə aparmaq üçün A seriyasında ağır oyunlar keçirir. Berqamo klubu dünən “Bolonya” üzərində çətin qələbə qazandı – 1:0.

Can Pyero Qasperininin komandası yalnız 82-ci dəqiqədə rəqib qapısına yol tapa bildi. “Atalanta”ya 3 xal gətirən qolu isə nə Luis Muriel, nə Malinovski, nə də Mario Paşaliç vurdu. Meydan sahibərini sevindirən qolun müəllifi Mustafa Sisse oldu.

18 yaşlı qanalı bu gənc yalnız fevralda komandaya qoşulub. Təsəvvür edin ki, Sisse “Atalanta”ya qədər İtaliyanın 8-ci liqasında (!) oynayırdı. Futbolçunun həyat hekayəsi ən qəddar adamı belə kövrəldər. Mustafa İtaliyaya qaçqın statusu ilə gəlib çıxıb. O, səfərdən bir müddət əvvəl atasını itirib. Heç atanın Qvineyada nə üçün, necə öldüyü indi də düz-əməlli bilinmir.

Sisse 2019-cu ildə Leççedə qaçqınlardan təşkil olunmuş həvəskar komandada futbol oynamağa başlayıb. “Atalanta”nın skautları onu məhz həmin komandada görüb, bəyəniblər.

Mustafa fevralın sonlarında Berqamo klubunun heyətində Primaverada (İtaliyada gənclər liqası) debüt edib. Qvineyalı oğlan ilk 3 oyunda 3 qol vurur. Özü də necə rəqiblərin qapısına! “Milan”la matçda dubl edən forvard “Napoli” ilə görüşdə də bir qolla yadda qalır.

Martın ortalarında Sissenin adı ilk dəfə “Atalanta”nın A komandasının iştirak ərizəsinə salınır. Dünən isə məşqçi son 25 dəqiqədə ona meydanda şans verir və Mustafa komandasının qələbə qolunu vurur.

 

 

Bənzər xəbərlər