Qara Qarayevdən De Byaziyə cavab
“Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi”.
Msport.az xəbər verir ki, bunu “Neftçi”də çıxış edən Qara Qarayev şəxsi instaqram hesabında yazıb.
Təcrübəli futbolçu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm”, – deyə Qarayev vurğulayıb.