“Qarabağ”dan 15 dəqiqəyə 5 qol
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Msport.az xəbər verir ki, son gündə bir oyun keçirilib.
Çempionatda turnir cədvəlinə başçılıq edən “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edib. Liderlə autsayderin duelinin taleyini ikinci hissədə vurulan qollar həll edib. Əvvəlcə 76-cı dəqiqədə Leandro Andradenin qazandığı penaltini Yassin Benzia dəqiq yerinə yetirib. Leandro cəmi 4 dəqiqə sonra özü baxımlı qola imza atıb. Qarşılaşmanın qəhrəmanı olan Andrade 85-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Qış fasiləsində “Qarabağ”a qayıdan Kadi Borges 88-ci dəqiqədə dönüşünü qolla qeyd edib. Matçda son nöqtəni isə 90+3-cü dəqiqədə Nəriman Axundzadə qoyub.
Beləliklə, “Qarabağ” 5:0 hesablı qələbə qazanaraq, xallarının sayını 53-ə yüksəldib. Sonuncu pillədəki “Səbail”in isə aktivində 16 xal var.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Sumqayıt”ı (1:0), “Sabah” “Turan Tovuz”u (2:1), “Neftçi” “Zirə”ni (2:1) məğlub edib, “Araz-Naxçıvan”la “Kəpəz” qolsuz bərabərə qalıb.