“Qarabağ”ın çempionluğu qeyd edəcəyi oyuna biletlər satışda
Azərbaycan Premyer Liqasının 36-cı turunun “Qarabağ” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.
Msport.az xəbər verir ki, bu, Ağdam klubunun mövsümdə son ev görüşü olacaq.
Azarkeşlər matçın biletlərini bu gündən əldə edə bilərlər. “Qarabağ”ın fanatları bununla komandanın ardıcıl 4-cü, ümumilikdə isə 12-ci çempionluğunu komanda ilə birgə qeyd etmək imkanı qazanacaq. Belə ki, görüşün ardından “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.
iTicket.az-ın “28 və Gənclik Mall”da yerləşən məntəqələri, həmçinin onlayn satışda olan biletlərin qiyməti – qapıarxası və künclərdə yerləşən sektorlara 3 manat, mərkəzi sektorlara 7 manat, VIP-ə isə 15 manat təşkil edir.
Oyun günü biletləri sözügedən satış məntəqələrindən və “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.
Qeyd edək ki, mayın 18-də “Azərsun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.