"Qarabağ"la danışıqlar gedir, amma razılıq əldə etməmişik" - Benziya
“Qarabağ”ın futbolçusu Yassin Benziya Azərbaycanda qalıb-qalmayacağına qərar verməyib.
Msport.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi bu barədə “CBC Sport”a açıqlamasında deyib.
O, Ağdam klubu ilə Premyer Liqa çempionluğunu qazanmasından da bəhs edib: “Çox yaxşı mövsüm idi. Biz daha uğurlu çıxış edə bilərdik. Hər mövsüm daha yaxşı olmaq istəyirik. Çox xoşbəxtik ki, növbəti kuboku qazandıq. Hisslər fərqlidir. “Qarabağ”la müqaviləm başa çatır. Yeni mövsüm “Qarabağ”da qalacağam, ya yox, bilmirəm. Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Ona görə fərqli hisslər yaşadığımı deyirəm. “Qarabağ”la danışıqlar gedir. Biz hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər.
Bəzi klublar menecerimlə danışıq aparır. Adları çəkə bilmərəm. Bu, mənim işim deyil. Mənim işim meydana çıxaraq hər matçda qələbə qazanmaqdır. Mövsümün sonunda qərar veriləcək. Hələ iki oyun qalıb. Tam fikrim bu oyunlara yönəlib”.
O, hazırkı formada olmasına görə Qurban Qurbanova təşəkkürünü bildirib: “Qarabağ”da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasında olan məsələdir. “Qarabağ”ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. “Qarabağ”da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq”.
Qeyd edək ki, Benziyanın “Qarabağ”la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.