“Qarabağ” “Neftçi”ni 10 nəfərlə məğlub etdi
Azərbaycan Premyer Liqasında XXIII tur davam edir.
Msport.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçirilib.
Əzəli rəqiblər “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan Azərbaycan derbisinin 22-ci dəqiqəsində qonaqlar azlıqda qalıb. Kevin Medina kobud hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Azlıqda qalmasına baxmayaraq, “Qarabağ” rəqibindən heç də zəif çıxış etməyib. Əksinə, matçın sonlarında təşəbbüsü ələ alan Ağdam təmsilçisi qələbə qolunu vurmağa da müvəffəq olub. Kadi Borgesin qazandığı penlatini Marko Yankoviç “Panenka” zərbəsi ilə qola çevirib.
Beləliklə, səfərdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” xallarının sayını 56-ya yüksəldib və liderliyini bir qədər də möhkəmlədib. “Neftçi” isə 24 xalla 6-cı sırada qalıb.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.