"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Msport.az-ın məlumatına görə, açılış oyunu Sumqayıtda keçirilib.
Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüş son çempionun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:1.
Qarşılaşmada hesabı 21-ci dəqiqədə Leandro Andrade açıb. 29-cu dəqiqədə çempionatın bombardiri Juninyo Olavio qol sayını artırıb. Cəmi 4 dəqiqə sonra bu dəfə Abdullah Zubir adını tabloya yazdırıb. İlk hissədə 3 dəfə mərkəzə dəvət edilən “gənclik şəhəri” təmsilçisi fasilə ərəfəsində Erik Sorqanın (43-cü dəqiqə) qolu sayəsində fərqi azaldıb.
Buna baxmayaraq, “Qarabağ” ikinci hissədə də üstünlüyünü davam etdirib. 58-ci dəqiqədə Yassin Benzia baxımlı qola imza atıb. 73-cü dəqiqədə Andrade dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Hamidu Keyta qoyub.
“Sumqayıt”ı səfərdə darmadağın edərək xallarının sayını 35-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmlədib. “Kimyaçılar” isə 23 xalla üçüncü pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 9-10-da keçiriləcək
________________________________
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
Msport.az xəbər verir ki, açılış oyunu Sumqayıtda keçiriləcək.
Şəhərin eyniadlı komandası doğma arenasında son çempion “Qarabağ”la üz-üzə gələcək. Bu, həm də turun mərkəzi qarşılaşmasıdır. Çünki hazırda Ağdam təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edir, üçüncü pillədəki “kimyaçılar”ın hesabında isə 23 xal var.
Turun digər matçları dekabrın 9-10-da baş tutacaq.
Premyer Liqa
XVI tur
8 dekabr (cümə)
19:30. “Sumqayıt” – “Qarabağ” 1:6
“Kapital Bank Arena”







