featured-image-62205

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərə təşəkkür edirəm. Bizi yaxşı dəstəklədilər. Meydançaya baxan insanlar var, bu oyunda da, “Sumqayıt”la matçda da çox əziyyət çəkdilər. Məşq meydançalarımızı da təmizləyib, bizə şərait yaradırlar. Hamısına təşəkkür edirəm. O qədər belə insanlar var ki, kölgədə qalırlar. Onlara təşəkkür etmək borcumuzdur.

– “Kəpəz”i hansı komponentdə üstələdiz?

– Bu gün komandanı oyuna hazırlamaq önəmli idi. 2:0 hesabı da təhlükəli idi, rahatlığı aradan qaldırmaq lazım idi. Uşaqlar ilk dəqiqədən göstərdilər ki, hansı niyyətlə oyuna çıxıblar. Futbol haqda danışmaq çox çətindir. Məlum məsələdir. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Sağolsunlar. Reallığı götürsək, birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəm lidi. Onu da bacardılar.

– Qrafikə baxanda görürük ki, martın 22-dən sonra “Neftçi”nin çətin oyunları başlayır…. “Sabah” da kubok istəyir…

– Bəli, rəqib də kuboka köklənib. Martda hansı oyunların olduğunu bilirdim. Hər həftə oynayacağımız matçlara köklənirik. Bu mövsüm nə qopara bildiksə, qoparacağıq. Kubok olsun, çempionat olsun. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız oyunlarda da xal toplamağa çalışacağıq. 1-2 ildir ki, referilər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək… Amma elə epizodlar var ki,  TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçir. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadır. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Şiddət də yoxdur. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. Qırmızılıq bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitbaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi.

– Hakimin VAR-da epizodu dəyərləndirmək üçnü vaxtı oldu. Qərəzdir, yoxsa hakim səhvi?

– Qərəz deyil, özünü sığortalamaqdır. Hakim kitabı açacaq və buna oxşar epizodlar orada yazılacaq. Kimin qabağına getsə, açıb göstərəcək. Necə ki, yol polisi saxlayır və qaydaları göstərir. VAR-ı rədd eləmək lazımdır. Bilmirəm hakim futbol oynayıb, ya oynamayıb. Top ayağımdadır və pas verirəm, şiddət yoxdur. Qırmızıdan danışmaq olmaz. VAR çağırsa da, analiz edə bilərsən. Sarı vərəqə ilə söhbət bağlanmalı idi. Dediklərim ağır çıxa bilər. Sadəcə məntiqlə düşünmək lazım idi. Dedim məntiqlə düşün və sarı vərəqə mənə verildi. Məntiqlə düşünsəydi, qırmızı çox idi. Qərəzdi, ya deyil, kimə görə edilib, bilmirəm.

– Appelyasiyaya müraciət edəcəksiz?

– Qərara baxacağıq. Ümid edirəm ki, bu qərarı çıxaranlar epizoda baxarlar. O qədər olub ki, qərarlar dəyişdirilib.

– 2020-2021 sezonunda komandada Yusuf Laval, Steven Monroz, Sabir Buqrin kimi oyunçular var idi ki, işlər yaxşı getməyəndə onlar ön plana çıxıb, nələrsə edirdi. Niyə indi komandada bu cür futbolçular yoxdur?

– Mənim üçün cavabı çətin olan sualdır. Məndən əvvəl başqa baş məşqçi olub, onun oyun stilinə uyğun futbolçular da komandaya dəvət edilib. Bundan sonra yayda nələr olacaq, dəyişikliklər olacaq. Elə mövqelər var ki, orada başqa tip oyunçular görməyi xoşlayıram. Bu gün həmin futbolçular yoxdur. Bu da mənim üçün problem deyil. Əlimizdə olan oyunçularla, istədiklərimizi etməyə çalışırıq. (sportal)

Bənzər xəbərlər