Qurban Qurbanov: “Marselə yaxşı mübarizə və nəticə üçün gedirik”
“Marsel”in üstün cəhətlərini bir-bir sadalasam, kənardan elə görünər ki, sanki onlardan çəkinirik”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Marsel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis bildirib ki, Marsel şəhərinin eyniadlı təmsilçisi komandası üçün ən çətin rəqiblərdən biridir: “Çünki topa sahib olmağı çox xoşlayırlar. Fərdi olaraq da çox yaxşı futbolçuları var. Matçın gedişində həddindən artıq çox rotasiyalar, sistem dəyişiklikləri edirlər. Bu, hardasa bizi narahat edə bilər. Həqiqətən yaxşı komandaya qarşı oynayacağıq. Layiqli mübarizə aparmaq istəyirik”.
Qurbanov səfər matçında uğurlu nəticənin qazanılmasının mümkün olduğunu vurğulayıb: “Bu gün istənilən komanda yaxşı oyun göstərib nəticə əldə edə bilər. Amma reallığa baxsaq, rəqib hərtərfəli bizdən yuxarıdadır. Marselə yaxşı mübarizə və nəticə üçün gedirik. Hər iki matçda ən yaxşısını etməyə çalışacağıq”.
Təcrübəli mütəxəssis mümkün təxribat məsələsinə də toxunub: “Bəlkə də bu şəhərdə təxribatın baş verməsi daha çox gözləniləndir. Amma inanmıram ki, müvafiq qurumlar buna şərait yaratsınlar. Düzdür, onlardan hər şey gözləmək olar. Dəfələrlə belə hallarla rastlaşmışıq. Lakin narahat olmaq üçün əsas yoxdur. Klub rəhbərliyi lazımi danışıqları aparır”.
Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.