featured-image-38437

Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyevin Msport.az saytına müsahibəsi

– Millimiz bu axşam Bakıda Avstriya ilə üz-üzə gələcək. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Bu gün yığmadan yaxşı oyun gözləyirəm. Estoniya üzərində səfər qələbəsindən sonra, yəqin ki, əhval-ruhiyyə yaxşıdır. Ümid edirəm ki, baxımlı oyunla ən azı 1 xal götürəcəyik.

– Sizcə, milli komanda evdə Avstriyanı məğlub etməsi üçün necə oynamalıdır?
– Avstriyanı məğlub etmək bir az çətindir. Çünki rəqib həqiqətən çox güclüdür, yaxşı futbolçuları var. Ona görə də qonaqlar favoritdir. Amma dediyim ki, səfər qələbəsi və ev amili bizim üçün üstünlük yarada bilər. Yaxşı mübarizə ilə rəqibdən xal almaq olar.

– Bu oyunun nəticəsi Canni De Byazinin millidəki gələcəyinə təsir edə bilərmi?
– Bu matçdan sonra De Byazinin taleyinin necə olacağını mən bilmirəm. Sadəcə, onu deyim ki, yığmanı yerli mütəxəssis çalışdırmalıdır. Fikrimcə, De Byazinin qazandığı nəticələri öz məşqçilərimiz də göstərə bilərlər.

– Estoniya ilə oyunda yığmadan qələbə gözləyirdiniz?
– Əvvəldən bilirdik ki, qrupda xal və ya xallar ala biləcəyimiz yeganə komanda Estoniyadır. Amma evdə bu komanda ilə heç-heçə etdikdən sonra səfərdə qələbə gözləmirdim. Matçı izlədim, millimiz çox yaxşı oyun sərgilədi və layiqli qələbə qazandı.

– Azərbaycan millisi cari seçmə mərhələni maksimum neçə xalla başa vura bilər?
– Hazırda dörd xalımız var. Əvvəldən düşünürdüm ki, Estoniyanı iki oyunda udub, Bakıda digər rəqiblərin birindən ən azı 1 xal alacağıq. Bu mənada seçmə mərhələni 6-7 xalla başa vuracağımızı düşünürdüm. Amma Estoniya ilə Bakıdakı heç-heçədən sonra o qədər xal yığmaq çətin görünür.

Bənzər xəbərlər