featured-image-62323

“Səbail” Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda “Şamaxı”ya 0:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumlar təşkil etdik. Sadəcə ani diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə oyuna nəzarəti itirdik, rəqib bizi bütün komponentlərdə üstələdi. Bu oyundan dərs çıxarmalı, yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik.

– “Qarabağ”la kubok oyununun bugünkü görüşə nə dərəcədə təsiri var idi?

– Yorğunluq var idi. Ramazan ayıdır. 7 futbolçumuz oruc idi. Bunu bəhanə etmirik. Sadəcə kubok bizə sərf etmirdi. Zədəlilərimiz də var. Biz kubok görüşünə çıxmalıydıq. Yorğunluq təsirini göstərdi. Komandanın potensialı var ki, yaxşı yerlərə gəlib çıxsın.

– Premyer Liqada “Şamaxı”da debüt etmişdiz. Həmin vaxt komanda aşağı liqaya düşdü. İndi “Səbail”in düşmək təhlükəsi sizə nə dərəcədə təsir edir? Məşqçi olaraq sizə ziyan ola bilər…

– Bilirəm nədəndir. Siz mətbuat işçiləri səthi yanaşırsız bu işlərə. Detallara girmirsiz, üzdən baxırsız. “Səbail”də futbolçuların inkişafı, “Şamaxı”dakı inkişafımız ön planda idi. Orada məşqçi olaraq Premyer Liqadan düşmüşəm. İndi də təhlükə var. Çəkinmirəm. İşimizə davam edirik. Komanda futbol oynamağı bacarır. Bu gün müəyyən səbəblərdən futbolçuların performansı yaxşı səviyyədə deyildi.

– Hesab 0:2 olduğu vaxtda stoper dəyişikliyi nəyə hesablanmışdı?

– Meydana hücumçu da daxil etdik, Mirabdulla Abbasovu buraxdıq. Marko Nikoliçi ona görə meydana buraxdıq ki, standart vəziyyətlərdə yaxşı oynamağı bacarır. Həm də uzun ötürmələrlə hücuma çıxmaqda köməyi dəyə bilərdi. (sportal.az)

Bənzər xəbərlər